İspaniyanın “El País” nəşri yazır ki, Madridin nüfuzlu Çamberi (Chamberí) məhəlləsində yerləşən bu mənzil aprel ayında alınıb. Hökumət bu addımı Real Kasa de Korreos (Real Casa de Correos) binasındakı təmir zamanı Ayusoya müvəqqəti iş yeri təmin etmək zərurəti ilə əsaslandırmışdı.
Lakin sonradan məlum olub ki, şəhərsalma qaydalarına əsasən, 6,3 milyon avroluq bu mənzildən ofis kimi istifadə etmək qadağandır – obyekt yalnız yaşayış sahəsi təyinatlıdır. Məlumata görə, regional hökumət əmlakı seçərkən onun 250–400 kvadratmetr sahəyə və böyük bir terasa malik olması şərtini qoyub. Məhz geniş teras tələbi Ayusonun siyasi rəqiblərində ciddi şübhələr doğurub.
Ayuso isə ittihamları “böhtan kampaniyası” adlandırıb. O, mənzilin şəxsi yaşayış üçün deyil, rəsmi görüşlər üçün alındığını bildirib və bu alış-verişdən xəbərsiz olduğunu iddia edib.
Qalmaqaldan sonra regional hökumət penthausu satışa çıxaracağını və əldə olunan vəsaiti meşə yanğınlarından zərər çəkənlərə bağışlayacağını açıqlayıb. Ayuso isə özünəməxsus şəkildə “Está en venta, chao pescao” (“Satışdadır, vəssalam, əlvida”) deyərək məsələni bağlı hesab etdiyini vurğulayıb.
Buna baxmayaraq, qalmaqal səngimək bilmir. Madrid məhkəməsi əmlakın alınması ilə bağlı daxil olan 5 ayrı şikayəti araşdırır. Mühafizəkar Xalq Partiyasının lideri Alberto Nunyes Feyhoo (Alberto Núñez Feijóo) regional hakimiyyətdən mənzilin nə üçün alındığına dair izahat tələb edib. O, həmçinin aprel ayında Ayusonun komandasının ona müvəqqəti bina axtarışı barədə məlumat verdiyini deyərək, Madrid liderinin “xəbərsiz idim” iddiasını təkzib edib.
Hakim İspaniya Sosialist İşçi Partiyası (PSOE) izahatları qeyri-kafi adlandıraraq Ayusonun istefasını tələb edib. Partiya nümayəndələri lüks əmlak agentliyi vasitəsilə geniş terasa malik mənzil axtarılmasını inzibati ofis ehtiyacları ilə üst-üstə düşmədiyini bildiriblər.