Bu barədə rusiyalı həkim Yevgeni Fuki “Gazeta.Ru”ya danışıb.
Həkimin sözlərinə görə, asqırma orqanizmin burundakı seliyi, tozu, allergenləri və digər qıcıqlandırıcıları xaric etməyə kömək edən qoruyucu refleksidir. Ardıcıl bir neçə dəfə asqırmaq, adətən, təhlükəli xəstəliyin əlaməti hesab olunmur. Lakin bu hal hər gün təkrarlanırsa və ya həftələrlə davam edirsə, səbəbini müəyyənləşdirmək vacibdir.
Tez-tez asqırmanın ən geniş yayılmış səbəbi allergik rinitdir. Bu zaman asqırma tutmaları, burundan şəffaf axıntı, burunda qaşınma, göz yaşarması və qızartı müşahidə olunur. Simptomlar çox vaxt bitki tozcuqları, ev tozu, heyvanlar və ya kiflə təmasdan sonra yaranır. Soyuqdəymədən fərqli olaraq, allergiya zamanı qızdırma olmur və əlamətlər həftələrlə, hətta aylarla davam edə bilər.
Virus infeksiyası zamanı isə asqırma boğaz ağrısı, halsızlıq, burun tutulması və bəzən hərarətlə müşayiət olunur. Həkim bildirib ki, belə hallarda vəziyyət adətən bir-iki həftə ərzində yaxşılaşır.
Mütəxəssis daha az məlum olan səbəblərə də diqqət çəkib. Qeyri-allergik rinit zamanı burun selikli qişası soyuq havaya, temperatur və rütubət dəyişikliklərinə, tütün tüstüsünə, ətirlərə və kəskin qoxulara həddindən artıq reaksiya verir. Fiziki aktivlik, spirtli içkilər və acı qidalar da asqırma tutmasına səbəb ola bilər. Bəzi hallarda hormonal dəyişikliklər və müəyyən dərmanların qəbulu da bu vəziyyəti gücləndirir.
Asqırmanın qeyri-adi səbəblərindən biri də işıq refleksidir. Həkimin sözlərinə görə, bəzi insanlar qaranlıq məkandan qəfil parlaq günəş işığına çıxdıqda asqırmağa başlayırlar. Bu, sinir sisteminin anadangəlmə xüsusiyyətidir və günəşə qarşı allergiya hesab olunmur. Adətən təhlükəsiz olsa da, avtomobil idarə edərkən baş verən belə tutmalar sürücünün diqqətini bir neçə saniyəlik yayındıra bilər.
Bundan başqa, quru hava, toz, burunda qabıqlanma və selikli qişanın mexaniki qıcıqlanması da tez-tez asqırmaya yol aça bilər. Bəzən isə problem burun tutulmasına qarşı istifadə edilən damcılardan nəzarətsiz yararlanmaqla əlaqəli olur. Həkim xəbərdarlıq edib ki, bu preparatları həkim təyinatı olmadan uzun müddət istifadə etmək olmaz. Çünki onlar dərman asılılığına və medikamentoz rinitə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, asqırmanın özü, adətən, təhlükəli deyil. Lakin simptomlar yuxuya və işə mane olursa, bir neçə həftə davam edirsə və ya mütəmadi təkrarlanırsa, LOR həkiminə və ya allerqoloqa müraciət etmək lazımdır. Xüsusilə irinli və ya qanlı burun axıntısı, üz nahiyəsində güclü ağrı müşahidə olunarsa, bu əlamətlərə diqqət yetirilməlidir.