Bu barədə “Report”-a istinadən xəbər verir.
Məlumata görə, bu beynəlxalq qiymətləndirmədə təxminən 12 500 şirkətin iştirak edib.
2026-cı il oktyabrın 9-na olan nəticələrə əsasən, SOCAR “Oil & Gas Upstream & Integrated” sənaye qrupu üzrə qiymətləndirilən şirkətlərin 83%-dən daha yüksək nəticə göstərib. Bu nəticə şirkətin dayanıqlı inkişaf gündəliyinin ardıcıl həyata keçirilməsi və ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin korporativ idarəetmə və əməliyyat fəaliyyətinə inteqrasiyası istiqamətində əldə etdiyi irəliləyişi əks etdirir.
SOCAR qiymətləndirmə çərçivəsində “S&P Global” tərəfindən tələb olunan 1 000-dən çox göstərici üzrə məlumatların 95%-dən çoxunu təqdim edib. Bu göstərici şirkətin dayanıqlılıq məlumatlarının açıqlanmasına və şəffaf hesabatlılıq təcrübələrinin inkişafına verdiyi önəmi nümayiş etdirir.
Əvvəlki qiymətləndirmə ilə müqayisədə ESG məsələlərinin əhəmiyyətliliyinin müəyyən edilməsi, insan hüquqlarının qorunması üzrə öhdəliklər və müvafiq proseslər, iqlim dəyişikliyi ilə mübarizə, iqlim strategiyasının inkişafı, istixana qazı emissiyaları üzrə hesabatlılığın genişləndirilməsi, eləcə də resursların idarə edilməsi və təkrar istifadəsi sahələrində nəzərəçarpan irəliləyiş qeydə alınıb. Bu nailiyyətlər SOCAR-ın dayanıqlılıq üzrə idarəetmə yanaşmalarını təkmilləşdirmək, ekoloji və sosial məsuliyyətini gücləndirmək və uzunmüddətli strateji prioritetlərini beynəlxalq meyarlarla uzlaşdırmaq istiqamətində səylərini əks etdirir.
“S&P Global” şirkətlərin dayanıqlılıq fəaliyyətini sənayeyə xas meyarlar əsasında müəyyənləşdirir. Nəticələr 0–100 bal şkalası üzrə müəyyən edilir və şirkətlərin göstəriciləri müvafiq sənaye qrupu üzrə müqayisə olunur. CSA şirkətlərə dayanıqlılıq fəaliyyətlərinin güclü tərəflərini və inkişaf imkanlarını müəyyənləşdirmək, eləcə də idarəetmə təcrübələrini beynəlxalq sənaye meyarları ilə müqayisə etmək imkanı yaradır.