O bildirib ki, 2020-ci ildə qazanılmış tarixi Zəfər Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş status-kvonu dəyişdirdi, regionun siyasi xəritəsində yeni mərhələnin əsasını qoydu və Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun əhəmiyyətli dərəcədə artmasına təkan verdi:
“Bu qələbənin siyasi və tarixi əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Zəfər, eyni zamanda, ölkəmizin regional proseslərin formalaşmasında fəal iştirak edən, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və beynəlxalq bağlantılar gündəliyinə təsir göstərən mühüm geosiyasi aktora çevrilməsinin başlanğıcı oldu. Azərbaycan sübut etdi ki, güclü dövlətçilik, milli birlik, siyasi iradə və ordu qüdrəti milli maraqların təmin edilməsində həlledici amillərdir”.
Komitə sədri vurğulayıb ki, Zəfərdən sonra Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələsi aktuallaşdı. Artıq regionun gələcəyi yalnız münaqişə və qarşıdurma prizmasından deyil, sülh, əməkdaşlıq, iqtisadi inteqrasiya və kommunikasiyaların bərpası kontekstində müzakirə olunur:
“Azərbaycan bu yeni yanaşmanın əsas təşəbbüskarlarından və iştirakçılarından biri kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşdırılması, nəqliyyat əlaqələrinin açılması və qarşılıqlı iqtisadi maraqların formalaşdırılması istiqamətində atılan addımlar regionun uzunmüddətli sabitliyi üçün yeni imkanlar yaradır”.
A.Nağıyev əlavə edib ki, Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığın mövcud coğrafiyasını da genişləndirir:
“Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya, Türkiyə ilə strateji müttəfiqlik, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin dərinləşməsi, Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığı ölkəmizin yeni geosiyasi bağlantı platformalarının formalaşmasındakı rolunu artırır. Bu proseslər Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyini daha geniş Avrasiya məkanına daşımaq imkanlarını gücləndirir.

Bununla yanaşı, Azərbaycanın Avrasiyanın bağlantı mərkəzlərindən birinə çevrilməsi istiqamətində həyata keçirdiyi strategiya xüsusi əhəmiyyət kəsb edir. Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur istiqamətində nəzərdə tutulan bağlantılar ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında rolunu artırır. Azərbaycan artıq yalnız enerji resursları ixrac edən ölkə deyil, həm də qlobal ticarət, logistika, enerji və rəqəmsal kommunikasiya sistemlərinin mühüm iştirakçısı olmaq potensialını reallaşdırır.
Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar regional sülh və əməkdaşlıq gündəliyində yeni mərhələ açdı. 2026-cı il noyabrın 6–7-də TRIPP layihəsinin irəliyə aparılması üçün Azərbaycan, ABŞ və Ermənistanın üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması isə bu gündəliyin praktiki müstəviyə keçirilməsi istiqamətində yeni addım oldu. Bu təşəbbüslər nəqliyyat, enerji və regional iqtisadi bağlantıların inkişafı baxımından əhəmiyyətlidir”.
Deputat həminin qeyd edib ki, bu da nəticə etibarı ilə Azərbaycanın geosiyasi çəkisi artıq yalnız regional təhlükəsizlik məsələləri ilə deyil, daha geniş Avrasiya məkanında iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının və enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu ilə də ölçülür. “Ölkəmiz müxtəlif geosiyasi və iqtisadi məkanlar arasında körpü rolunu gücləndirərək regional və qlobal proseslərdə daha fəal aktora çevrilir.
Zəfərin ən böyük siyasi mesajlarından biri də budur: qazanılmış hərbi qələbə sülhün, əməkdaşlığın və davamlı inkişafın yeni imkanlarına çevrilməlidir. Azərbaycanın strateji hədəfi münaqişə tarixini geridə qoyaraq Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq və iqtisadi tərəqqi məkanına çevirməkdir”, – o vurğulayıb.
Komitə sədri onu da bildirib ki, 8 Noyabr – Zəfər Günü milli iradənin təntənəsi olmaqla yanaşı, Azərbaycanın yeni geosiyasi tarixinin başlanğıcıdır: “Bu günün qüruru dünənki qələbəmizdə, strateji gücü bugünkü beynəlxalq mövqeyimizdə, böyük hədəfi isə gələcəyin sülh və əməkdaşlıq məkanında aparıcı rol oynamağımızdadır. Zəfər qazanan Azərbaycan bu gün həm də sülhün, bağlantıların və regional tərəqqinin təşəbbüskarlarından biri kimi çıxış edir”.