Bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, tanınmış ürək cərrahı Kamran Musayev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, orqan transplantasiyası, xüsusilə də ürək transplantasiyası olduqca mürəkkəb prosesdir:
“Bu prosesin əməliyyatdan əvvəlki və sonrakı mərhələləri ən az əməliyyatın özü qədər vacibdir. Azərbaycanın bu sahədə uğur qazanması istiqamətində atılan ən mühüm addımlardan biri 1999 və 2020-ci illərdə qəbul edilmiş qanunlardan sonra, 2022-ci ildə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması olub. Çünki meyit donordan ürək transplantasiyasının həyata keçirilməsi üçün beyin ölümü baş vermiş xəstələrə ehtiyac var. Canlı donordan ürək transplantasiyası həyata keçirə bilmirik. Meyit donordan transplantasiya yalnız beyin ölümü qeydə alınmış şəxslərdən donor orqanının götürülməsi ilə mümkündür. Bu prosesin hüquqi və sosial tələblərinin həlli, eləcə də praktiki müstəvidə reallaşdırılması həqiqətən böyük əhəmiyyət daşıyır. Mən çox sevinirəm ki, artıq Azərbaycan Qafqaz regionunda bu məsələni həll etmiş lider ölkə mövqeyindədir”.
K.Musayev bildirib ki, ötən il Azərbaycanda 4 ürək transplantasiyası əməliyyatı həyata keçirilib və uğurla başa çatdırılıb.
“Xəstələrin orqanlarının bağışlanması nəticəsində biz bu əməliyyatları həyata keçirə bildik”, – cərrah vurğulayıb.
O qeyd edib ki, hazırda ürək transplantasiyası əməliyyatı üçün gözləmə siyahısında 50-dən çox xəstə var:
“Düşünürəm ki, 10 milyonluq ölkədə bu xəstələrimizin ehtiyacını qarşılamaq üçün kifayət qədər donor olmalıdır. Bu fürsətdən istifadə edərək bir daha insanlarımızı, cəmiyyətimizi və onun hər bir üzvünü orqan donorluğu istiqamətində fəal olmağa çağırıram. Eyni zamanda, beyin ölümü baş vermiş şəxslərin orqanlarının bağışlanmasına dəstək verməyə dəvət edirəm”.