Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyən edilib:
“Bugünkü iclasda təmsil olunan komitələrin fəaliyyət sahələri bu prioritetlərdən üçü ilə birbaşa bağlıdır: “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”, “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” və “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”.
A.Axundov əlavə edib ki, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir:
“Strategiya dövrünün yekunlarına əsasən qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2% olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir.
Cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5% təşkil edib. Qeyri-neft-qaz sektoru 2,6% böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70%-i ötüb. İlin yekununda ÜDM-in 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağı proqnozlaşdırılır.
Artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları önə çıxır. Qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6%, nəqliyyat və anbar təsərrüfatında 10%, informasiya və rabitədə 11,1% artıb. Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır: əhalinin istehlakı real ifadədə 4,6% yüksəlib”.