Liderlər noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində təkbətək danışıqlar aparıblar.
Tramp və Si Cinpin 2026-cı ildə üçüncü dəfədir üzbəüz müzakirələr aparırlar.
Görüş zamanı Si Cinpin ABŞ-Çin münasibətlərinin sabitləşdiyini və düzgün istiqamətdə inkişaf etdiyini vurğulayıb. D.Tramp isə iki ölkə arasında ticarət sahəsində əldə olunan razılaşmaların tariflərin daha ədalətli şəkildə tənzimlənməsinə şərait yaratdığını bildirib.
Danışıqların əsas mövzularından biri iqtisadi münasibətlər olub. Tərəflər qarşılıqlı gömrük tariflərini, ABŞ-nin Çin şirkətlərinə tətbiq etdiyi texnoloji ixrac məhdudiyyətlərini və Pekinin ABŞ-dən kənd təsərrüfatı məhsullarının alışını artırması məsələsini müzakirə ediblər.
Bununla yanaşı, görüşün geosiyasi gündəliyində nüvə silahlarına nəzarət, İran ətrafında yaranmış vəziyyət və beynəlxalq təhlükəsizlik məsələləri də xüsusi yer tutub. Tramp ABŞ, Çin və Rusiya arasında nüvə silahlarının azaldılmasına dair yeni razılaşmanın əldə olunmasında maraqlı olduğunu nümayiş etdirir. Lakin Pekinin bu məsələdə Vaşinqtonun təşəbbüsünə münasibəti hələ də ehtiyatlıdır.
Tramp-Si görüşünün diqqətçəkən tərəfi isə onun Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan üçtərəfli təmas ərəfəsində baş tutmasıdır. Beləliklə, Vaşinqton və Pekin ikitərəfli münasibətləri müzakirə etməklə yanaşı, dünya siyasətinin ən mürəkkəb məsələlərinin həllində öz mövqelərini də uzlaşdırmağa çalışırlar.