“Blikk”in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10–14 dərəcə üstələyəcək. Anomal istilərin oktyabrın ilk günlərində də davam edə biləcəyi bildirilir.
Məlumata görə, buna yeni “istilik qübbəsi” səbəb olacaq. Bu, müəyyən bir region üzərində isti havanı uzun müddət saxlayan geniş yüksək təzyiq sahəsidir. Buludların az olması gün ərzində günəş şüalarının havanı daha intensiv qızdırmasına səbəb olacaq.
Ən isti hava Pireney yarımadasında müşahidə ediləcək. İspaniyanın mərkəzi və cənubunda, eləcə də Portuqaliyada həftənin sonuna qədər temperaturun +35…+38 dərəcə olacağı, bəzi ərazilərdə isə +40 dərəcəyə yaxınlaşacağı gözlənilir. Fransanın cənubunda və mərkəzi hissəsində hava təxminən +35 dərəcəyədək qızacaq. Ölkənin şimalında və Benilüks ölkələrində isə temperatur təxminən +30 dərəcə olacaq.
Böyük Britaniyada da qeyri-adi isti hava müşahidə ediləcək. Ölkənin cənubunda və mərkəzi rayonlarında temperatur qısa müddətə +25 dərəcəyədək yüksələ bilər ki, bu da sentyabrın sonu üçün yüksək göstəricidir.
Həftəsonundan etibarən isti hava kütləsi Mərkəzi Avropaya yayılmağa, daha sonra isə şimal-şərq istiqamətində irəliləməyə başlayacaq. Almaniyada temperaturun +27…+29 dərəcə, bəzi ərazilərdə isə +30 dərəcə olacağı gözlənilir. Şimali İtaliyada, Toskanada, Balkanların şimal və mərkəzi hissələrində, eləcə də Yunanıstanda temperatur təxminən +28…+30 dərəcəyə yüksələcək. Ayrı-ayrı ərazilərdə sentyabr ayı üçün yeni temperatur rekordlarının qeydə alınması mümkündür.
Bununla yanaşı, Avropada hava şəraiti kəskin kontrastlı olacaq. Qitənin qərb ucunda tamamilə fərqli hava şəraiti gözlənilir. İrlandiyanın qərbində, Şotlandiyada və Norveçin cənub-qərbində, xüsusilə dağlıq ərazilərdə oktyabrın əvvəlinə qədər bəzi yerlərdə 150 millimetrdən çox yağıntı düşə bilər.
Məlumata görə, isti hava oktyabrın əvvəlində də davam edə bilər. İsti hava kütləsinin getdikcə daha uzaq şimal və şərq istiqamətində yayılacağı bildirilir.