Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? -Araşdırma

Dün, 13:08 - Cəmiyyət


Balakhani Operating Company LTD-də (Balaxanı Əməliyyat Şirkətində) korrupsiya tüğyan edir.

Bu barədə Xalq-a elektron poçta göndərilən məktubda deyilir.

“Balaxanı Əməliyyat Şirkətin rəhbərlikdə təmsil olunan şəxslərin qohum-əqrabaları tərəfindən istismar olunur. Balaxanı Əməliyyat Şirkətinin rəhbəri Rövşən Rzayev, vitse-prezidenti Əli Həsənli şirkəti “ailə podratı”na çevirib. “Turba alverçisi” kimi ad çıxaran Rövşən Rzayevi rəhbər təyin etdikdən sonra şirkət dönüb olub Nehrəmlilərin oylağı.

Burada ən yaxşı işlərdə, ən yüksək maaşda Rövşən Rzayevlə Əli Həsənlinin adamlarıdır. Əgər SOCAR prezidenti Rövşən Nəcəf cənabları bu şirkətə komissiya göndərsə burada baş verən bütün biabırçılıqların şahidi olacaq”.

Rövşən Rzayev, “Balakhani Operating Company LTD”nin prezidentidir.

Məktub müəllifləri yüksək maaş alan işçilərin maaşlarının bir hissəsinin sonradan şirkət rəhbərliyinə geri qaytarıldığını deyirlər.

“Ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda, boranda,qarda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alırlar. Amma Əli Həsənli iki ildir şirkətdə “operativni şöbə” açıb. Bu şöbədə yüzlərlə nehrəmlini işə götürüblər. Hər ay 2000-3000 məvacib yazılan bu şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir”.

Əli Həsənli, “Balakhani Operating Company LTD”nin vitse-prezidentidir.

Məktub müəllifləri Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidenti Əli Həsənlinin Dubayda, Türkiyədə dəyəri milyonlarla ölçülən mülklərinin olduğu yazırlar.

Eyni zamanda Əli Həsənlinin çoxsaylı mühafizə ilə işə gəlib-getdiyi də bildirilir. Məktubda sonda ölkə rəhbərliyindən kömək istənilir.

Məsələ ilə bağlı Balakhani Operating Company LTD-dən mövqe öyrənk mümkün olmadı.

Qeyd edək ki, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı 2012-ci ildə «Balaxanıneft» NQÇİ-nin bazasında yaradılıb.

Xalq

Digər xəbərlər