Sözügedən dövrə bankın cəmi aktivləri 2 mlrd 658 mln 619 min manat olub.
Aktivləri azaldı
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59 mln 293 min manat və ya 2,1% azdır. Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 11,4% artaraq 1 mlrd 757 mln 756 min manat təşkil edib.
Bankın cəmi öhdəlikləri isə illik olaraq 4,5% azalaraq 2 mlrd 372 mln 796 min manata çatıb.
Depozit portfeli kiçildi
Həmçinin bu dövrdə müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmində də azalma müşahidə olunub. Belə ki, depozit portfelinin həcmi son bir ildə 418 mln 788 min manat və ya 27,6% azalaraq 30 sentyabr tarixinə 1 mlrd 96 mln 564 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri cüzi – 0,3% artaraq 604 mln 738 min manat olsa da, şirkətlərin depozitləri 2 dəfəyə yaxın – 421 mln 51 min manat azalaraq 491 mln 825 min manata düşüb.
Cari ilin üçüncü rübünün yekununda “Bank Respublikan”ın cəmi kapitalı 285 mln 822 min manat olub ki, bu da illik müqayisədə 23,7% çoxdur.
Səhmlərinin dəyərinə görə kapitalı artdı
Kapitaldakı bu artımın səbəbi bankın bir müddət əvvəl səhmlərinin dəyərini 2,45 manatdan 7,96 manata qaldırması ilə səhmdar kapitalının 240 mln 298 min manata yüksəlməsi olub.
Sözügedən dövrdə bankın faiz gəlirləri 240 mln 403 min manat, faiz xərcləri 95 mln 451 min manat, qeyr-faiz gəlirləri 36 mln 523 min manat, qeyri-faiz xərcləri isə 114 mln 306 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına 4 mln 113 min manat ayırıb və mənfəətindən 12 mln 770 manat vergi ödəyib.
Nəticədə, bank cari ilin ilk 9 ayını 50 mln 285 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32%-i Natiq Quliyevə, 18,46%-i Elçin Quliyevə, 8,47%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova, 4,22%-i SIDT-yə, 0,08%-i isə digər şəxslərə məxsusdur.
Xatırladaq ki, bir müddət əvvəl “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100%-ni satın alması ilə bağlı strateji əqd təsdiqlənib.