Paşinyanın qarma-qarışıq halı - Rusiya ilə Qərb arasında vurnuxan İrəvan - ŞƏRH

4-12-2024, 15:44 - Gündəm / Siyasət

Paşinyanın qarma-qarışıq halı - Rusiya ilə Qərb arasında vurnuxan İrəvan - ŞƏRH

 
Bəzən hadisələrdən nəticə çıxarmağa yaxınlıqda baş verənlər daha yaxşı yardım edir.

Son zamanlar Gürcüstanda baş verənlər Cənubi Qafqazda maraqlarının təmin olunmasını istəyənlərin qüvvələr nisbətini, onların gücünü, başqa keyfiyyət və kəmiyyət göstəricilərini aşkar etdi.

Məlum oldu ki, heç də hamı 2003-cü ildəki kimi Qərbdən nicat gözləmir. Rusiyameyilli, Moskva ilə əməkdaşlıq tərəfdarı olanlar 21 illə müqayisədə çoxalıb. Bu nə idi? 2008-ci ilin avqustunda Cənubi Osetiya və Abxaziyanın Rusiyanın dəstəyi ilə “müstəqilliklərini” elan etmələri Gürcüstan cəmiyyətində məyusluq yaradıb, eyni zamanda Qərbin etimadını zədələyib. Bu, heç də onların hamısının Rusiyaya meyillənməsi demək deyil. Başqa sözlə, onlar həm Qərbdən, həm də şimaldan eyni məsafədə durmağa üstünlük verib.

Ermənistan da indi oxşar vəziyyətdədir. 2018-ci ilin mayında bu ölkədə qeyri-hökumət təşkilatı liderlərinin və tərəfdarlarının aparıcılığı ilə baş verən hakimiyyət dəyişikliyi də bu ölkə üçün arzu edilən nəticəni vermir.

Ölkənin baş naziri Nikol Paşinyanın açıqlamaları Qərblə şimal arasında vurnuxduğunu göstərir. Son illər İrəvan rəsmilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibəti bəhs etdiyimiz məsələyə lakmus kağızı ola bilər.

Bu il noyabrın 25-də Ermənistan nümayəndəsi KTMT-nin Qazaxıstanın paytaxtı Astanada keçirilən zirvə toplantısına qatılmadı. Ancaq orada qəbul ediləcək sənədlərə də etiraz etməyəcəyini bildirdi.

Rusiya Prezidenti Vladimir Putin isə Astanada jurnalistlərə müsahibəsində demişdi ki, Ermənistan təşkilatdan çıxdığını hələ elan etməyib: “Ermənistan KTMT çərçivəsində tam formatda fəaliyyətə qatılacaq”.

Nikol Paşinyanın hərbi bloka iradı budur ki, 44 günlük müharibədə KTMT Ermənistana yardım etməyib. Onun da cavabı bir neçə dəfə verilib. Bu dəfə də Putin bir daha bildirib ki, həmin hadisələr zamanı Ermənistana xarici təcavüz yox idi.

Bu onu göstərir ki, rəsmi İrəvanın KTMT ilə münasibətləri korlamaq üçün tutarlı əsası yoxdur. Yaxud, bunun üçün Nikol Paşinyanın bu blokda olmaq istəmədiklərini açıq şəkildə bəyan etməyə cürəti çatmır. Hesab edir ki, əsassız fikirlərlə belə əlaqələri kəsə bilər. Daimi kənardan tapşırıq gözləmək, təlimat almaq İrəvanı “nala-mıxa” vurmağa məcbur edir.

Rəsmi İrəvan təhlükəsizliklərini Rusiyaya etibar etmədiklərini bildirsə də, ölkə iqtisadiyyatı Kremlə bağlıdır. Eləcə də, Ermənistanın ərzaq və başqa bu kimi sahələr üzrə təhlükəsizliyinin başlıca təminatçısı da RF-dir.

 


2023-cü ildə Rusiyadan Ermənistana 3,9 milyard dollar, 2024-cü ilin yanvar-aprel aylarında isə 1,1 milyard dollar pul köçürülüb. Son günlər Ermənistan mediasında RF-dən pul köçürmələrinin ən sadə yolları təbliğ və təşviq edilir. Bu da köçürmələrin artdığını isbatlayan başqa bir fakt sayıla bilər.

Bu, az qala hər erməni ailəsinə Rusiyadan pul göndərildiyini ehtimal etməyə əsas verir. Belə bir vəziyyət isə rəsmi İrəvanı şimal istiqamətində sərt ritorikasını yumşaltmağa vadar edir. Belə olanda isə Qərb ona təpki göstərir. Ermənistan nümayəndəsinin COP-29-a gəlməsinə heç bir maneə yox idi. Ancaq Fransa hakimiyyəti tədbirdə iştirak etmədiyindən rəsmi İrəvan da konfransa qatılmadı.

Bu da onların xaricdən idarə edildiklərinə dair başqa bir nümunədir.

Nikol Paşinyan çıxışlarında bəzən erməni xalqını fəlakətə aparan məsələləri açıq şəkildə etiraf edir. Ağrı dağın “Ararat” adlanmasını, “Qarabağ Azərbaycanındır” deməsi, reallığı olduğu kimi səsləndirməklə mənsub olduğu etnik qrupu yuxudan ayıltmağa çalışır.

O, həm də ermənilərin orta statistik beynəlxalq imicinin “qurban-millət” kimi təqdim edir. Paşinyan bununla da yenidən ənənəvi “yazıq erməni” xəstə, əsassız ideyaya qayıtmış olur. Ermənilər kimin qurbanıdır? Tarixi hadisələr onu da sübut edir ki, bu etnos öz hikkə və kininin qurbanıdır. Dövləti olmadığı halda ona torpaq verib, dövlət qurmasına yardım edənlərə, göz yumanlara qarşı asi çıxmaqla öz əl-ayağını yemiş olur.

 
Nikol Paşinyan

Daha bir məsələyə diqqət edək. Paşinyan iddia edir ki, bu “qurban-millətin”, “ordu-millət” yaratması məntiqi nəticədir. Onun sözlərinə görə, Ermənistan ordusu düşmə olan iki dövlətin (Azərbaycan və Türkiyəni nəzərdə tutur-red.) silahlı birləşmələrindən güclü olmalıdır: “Yaxşı, biz iki ölkənin birləşmiş ordusundan daha güclü orduya sahib olmağı qarşımıza məqsəd qoya bilərik. Bəs üç, dörd, beş ölkə ilə problemimiz olduğu ortaya çıxarsa? Problemlərimizin təkcə düşmənlərimizlə deyil, “dostlarımızla” bağlı olduğu ortaya çıxsa? Nə qədər güclü ordumuz olmalıdır?”

O, bu tip məsələlərin onları dalana dirənəcəyini etiraf etməklə yenidən dövlət quruculuğuna dair məsələyə qayıdır: “Yəni dövlətin konkret, beynəlxalq səviyyədə tanınmış ərazisi, konkret məsuliyyət zonası var. Yalnız və yalnız bu məsuliyyət zonasının maraqlarına uyğun fəaliyyət göstərir”.

Çıxışının əvvəlində sülh bağlamaq istədiyi, münasibətləri normallaşdırmaq istədiyi dövlətlərin “qurbanı” olduğunu bəyan etməklə yanlış düşüncədən xilas ola bilmədiyni göstərib.

O, Rusiyaya münasibətdə də “vurnuxma” taktikasına üstünlük verir. Bir tərəfdən Moskvanın patronluq etdiyi təşkilatlardan çıxmaq istəklərini gizlətmir, o biri tərəfdən isə Ermənistan və Rusiyanın bir-birinə qarşı fəaliyyət göstərməsinin mümkünsüzlüyünü vurğulayıb.

 


Belə ehtimal etmək olar ki, Gürcüstan olaylarını ən çox izləyib, təhlil edənlərdən biri də Ermənistandır. Çünki son hadisələrə görə rəsmi Tbilisi ABŞ tərəfdən cəzalandırılır.

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı verib. Bundan başqa rəsmi Vaşinqton Gürcüstanın Aİ-yə üzvlük məsələsini dayandırmaq qərarından da təəssüflənib. ABŞ-nin yaydığı məlumata əsasən, hakim “Gürcü Arzusu” Partiyasının son addımları strateji tərəfdaşlığın əsas prinsiplərini pozub.

Düşdüyü vəziyyət perspektivdə Nikol Paşinyana, eləcə də Ermənistana da bənzər taleyi yaşada bilər.

Dekabrın 3-də “Daşnaksütyun” Partiyasının Fransada əlaqələndirmə şurasının başçısı Frank Murad Papazyana “Fəxri Legion” ordeni verilib.

2022-ci ilin iyulunda Nikol Paşinyanın əmri ilə o, Ermənistan üçün “arzuedilməz şəxs” elan olunmuşdu. Bir müddət sonra isə İnzibati məhkəmə Milli Təhlükəsizlik Xidmətini onun “qara siyahıdan” çıxmasına dair hökm çıxarıb.

Nikol Paşinyanın vəziyyəti Murad Papazyanın “qaralanması” vəziyyətinə çox bənzəyir. İndi o, qərbdə tam etibarlı tərəfkeş olaraq yer tutmayıb, şimalda isə ona ayrılan yerdə gah oturur, gah imtina edir. Hökumətin yaratdığı belə bir vəziyyət isə cəmiyyətdə ümidsizlik yaradıb. Belə davam edərsə, Ermənistan cəmiyyəti də gürcüstanlılar kimi davrana bilər.(Report)

Digər xəbərlər