İran İsrail tərəfindən nüvə obyektlərinə hücum barədə AEBA-nı məlumatlandırıb

Bugün, 12:03 - Cəmiyyət


İsrail tərəfi İranın mərkəzi hissəsində - Arakda yerləşən kompleksə hücum etməklə nüvə obyektlərinə hücumları qadağan edən beynəlxalq hüququ pozub və İran baş verənlər barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məlumatlandırıb.

Bu barədə “Tasnim” agentliyi İranın Atom Enerjisi Təşkilatının mətbuat xidmətinin bəyanatına istinadən bildirib.

"Bu gün səhər İsrail Arakdakı tədqiqat reaktoruna və ağır su istehsalı kompleksinə hücum edib", - bəyanatda deyilir.

Təşkilat həmçinin qeyd edib ki, hadisə nəticəsində itki yoxdur.

"Həmçinin əvvəlcədən görülmüş tədbirlər nəzərə alınaraq, kompleksin yaxınlığındakı ərazilərin sakinləri üçün heç bir təhlükə yoxdur", - açıqlamada qeyd olunub. Nüvə obyektləri Mərkəzi əyalətinin inzibati mərkəzi olan Arak şəhərindən şimal-qərbə doğru 50 kilometrdən artıq məsafədə yerləşir.

Bununla yanaşı, təşkilat qeyd edir ki, AEBA İranın digər nüvə obyektlərinə əvvəlki hücum halları ilə bağlı heç bir tədbir görməyib.

Digər xəbərlər

Xəbər lenti