Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
29-11-2024, 10:45 - Gündəm / Cəmiyyət
Ayın əvvəlində Tovuzun dağ kəndlərindən birinə getmişdim. Kəndi əhalisinin üçdə ikisi tərk etmişdi, çoxu Bakıya, Rusiyaya, bəziləri də aran bölgəsinə üz tutub. Ətrafdakı kəndlərdə də eyni vəziyyət hökm sürür, hamısı sürətlə boşalır…
Səbəbi infrastruktur və sosial problemlərdir.
Məsələn, qaz yoxdur, sakinlər deyir, kənddən qaz xətti keçir, amma sənədləri qaydasında olmadığına görə evlərinə qaz çəkə bilmirlər. Onlardan mənzil Çıxarışı tələb olunur, bu da heç kimdə yoxdur. Çıxarış almağa da bir ətək pul lazımdır.
Son illər yol infrastruktru xeyli yaxşılaşsa da bəzi dağ kəndlərinə hələ də ancaq yük maşını, “Niva”, UAZ-la gedib-gəlmək olur, qarda, yağışda ümumiyyətlə ətraf-aləmlə əlaqə kəsilir.
Kənddə əvvəlki tək mal-qara saxlayıb, əkin-biçinlə məşğul olub dolanmaq çətindir. Bunun çox səbəbi var, amma insanların “rahat şəhər həyatı” arzusunda olması da rol oynayır. Xüsusən, gənclər kənddə yaşamaq istəmir.
Kənddə məktəbi soruşdum, dedilər, bu ildən artıq birinci sinfə qəbul olmayıb. Şagird sayı çox azdır, köç davam eləsə, məktəb də bağlanacaq.
Beləliklə, ucqar kəndlərdə məktəblərin şagirdsiz qalması təkcə təhsil sisteminin problemi deyil, ümumilikdə sistem problemidir.
Azərbaycan raxid xəstəliyi keçirən adama bənzəyir: başı (paytaxt) getdikcə böyüyür, bədəni quruyur – regionlar boşalır.
Əgər 2005-ci ildən elan olunan, 80 milyard manat pul xərcləndiyi bildirilən 3 dövlət proqramı gerçəkdən icra olunsaydı, kəndlər belə sürətlə boşalmazdı.
Dövlət bölgələrə həyatı qaytarmaq üçün böyük islahatlar həyata keçirməlidir.
O zaman insanlar da qayıdacaq, təhsil də, mədəniyyət də.
Elçin Rüstəmli
Gununsesi.info