Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO

22-11-2024, 18:30 - Gündəm / Cəmiyyət


“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində noyabrın 22-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası həyata keçirilib.

IDEA könüllülərinin iştirakı ilə keçirilən budəfəki aksiya zamanı 1000 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolaqlarının salınması, yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

IDEA İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.


 

Digər xəbərlər