Keçmiş deputatlığa namizəd təşkilatının qeydiyyata alınmamasına ETİRAZ EDİR – “Dedilər ki, bu təşkilatı qeydiyyata almağa gücümüz çatmır...”

13-11-2024, 11:59 - Gündəm / Cəmiyyət



VI, VII çağırış deputatlığa namizəd İsmayılov Rahib Vəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Mən, İsmayılov Rahib Vəli oğlu, ali təhsilliyəm, gənc yaşlardan müxtəlif vəzifələrdə işləmişəm. Milli Məclisə VI, VII çağırış deputatlığa namizəd olmuşam.

2015-ci ildə Kiçik və Orta Sahibkarlıq İşçilərininin Həmkarlar İttifaqı Birliyinin sədri işləyirdim. Lakin təşkilatım başqa bir təşkilatın tərkibində idi. İstədim ki, müstəqil Nizamnaməsi olsun və dövlət qeydiyyatına alınsın. Elə qara günlərim də o zamandan başladı.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə müraciət etdik. Bu 9 il ərzində başıma gələnləri yazsam 600 səhifəlik kitab alınar. Qısaca onu deyim ki, qanunvericiliyə uyğun olaraq sənədlərimi 2 ay saxlayaraq, şablon cümlələrlə heç bir nöqsanımız olmadan cavab verilirdi. Hər dəfə zəng edəndə telefon dəstəyini qaldıraraq icracılar deməyə söz tapmırdı, ən yaxşı halda “sənədləriniz icraatdadır, baxılır, cavab veriləcək”, - bildirirdilər.

Üç dəfə Toğrul Musayevin, ən azı sabiq idarə rəisi İlqar Məmmədovun qəbulunda olmuşam. Səhv etmirəmsə, bir dəfə indiki idarə rəisi Anar müəllimlə telefon danışığım olub. Bir dəfə də Fuad Ələsgərovun qəbulunda olmuşam. Bu “sehirli düyün” açılmadı ki, açılmadı.

Rahim Rəhimov işindən azad edildi, Səbinə Salmanova işindən azad edilib Prezident aparatına aparıldı, hal-hazırda da deputat oldu. Sonra özləri mənə zəng etdilər, “bu təşkilatı qeydiyyata almağa gücümüz çatmır, bir təşkilat adı de, bir həftəyə qeydiyyata alınacaq”, - dedilər. Mən başa düşdüm ki, Səttar Möhbalıyevin "bostanına" girə bilmirlər.

2 il bundan qabaq qərara gəldim ki, "Ekologiya və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birlik" adlı təşkilatı qeydiyyata aldırım. Beləcə, sənədləri təqdim etdim. 2021-2022-ci illərdə sənədlərim hansı quyunun dərinliyinə getdisə, bilən olmadı. Nəhayət, bir ildən sonra eynilə əsassız cavab verildi. Təkrar yenidən sənədlərimi verdim. Hardan gəldiyini bilmədiyim bir cavab oğlan məni qəbul etdi. Düşündüm ki, düyün açıldı, qeydiyyata alacaqlar. Lakin bu günə kimi qeydiyyata almayıblar.

Bir demokratik ölkədə vətəndaş cəmiyyətinə bu qədər qısqanclıqla yanaşmaq nədən irəli gəlir? Sonuncu dəfə “dövlət rüsumu ödəməmisən” deyib, sənədlərimi geri qaytardılar. Halbuki, sənədlər təsdiq olunandan sonra dövlət rüsumun ödəmək olardı. Digər tərəfdən, Həmkarlar Təşkilatına dövlət rüsumu ödəmişəm. Bəs bu vəsaitlə əvəzləşdirmək olmazdımı? Halbuki, hər iki təşkilatın dövlət qeydiyyatına alınması mənim konstitusion hüququmdur.

Sizdən köməklik etməyinizi rica edirəm. Ümid varam ki, işıqlandıracaqsınız və məsələ öz həllini tapacaq.

Məlumat üçün bildirim ki, AYB, AJB-nin üzviyəm, 16 kitab, 30 mahnı müəllifiyəm. Mahnılarım dövlət tədbirlərində böyük ruh yüksəkliyi ilə səsləndirilir”.

Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər