İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...

8-11-2024, 13:06 - Gündəm / Araşdırma


İsmayıllının icra başçısı Nahid Bağırovu Azərbaycanda tanımayan yoxdur. İcra başçısı təyin ediləndən cəmi 1 ay sonra Prezident İlham Əliyevin Sərəncamı ilə töhmət alan başçının ali təhsil diplomunun şübhəli olması barədə «Təzadlar» hələ bir müddət əvvəl yazıb. Yəni, qaşınmayan yerdən qan çıxarmaqda həvəskar olan gənc, amma təcrübəsiz icra başçısı şəhid ailələri və qazilərin adına istədiyi pulu verməyən sahibkarla vəzifəsinə yaraşmayan formada 4 ildir məhkəmə çəkişməsindədir. Hansı ki, indiy1ədək bütün məhkəmələri uduzub. Lakin çox təəssüflər olsun və açıq deyək ki, hələ də telefon zənginə baş əyən bəzi hakimlər var ki, Azərbaycan dövlətinin adından qərar verəndə yanlış yol tuturlar. Sonra bu yanlış yolun kələfi Avropa Məhkəməsində çözülür və s.

Əslində isə, bu işdə günahın böyüyünü yeri səhv düşmüş Nahid Bağırovdadır ki, 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən «Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə» “Tərəqqi” medalı ilə təltif edilib… Amma «…sahibkarlığın genişləndirilməsi ilə bağlı…» «Tərəqqi» medalı alan bu başçı 4 ildir başını sahibkarın başını qatmağa, dəmyə torpağında əkin işi ilə məşğul olmağa imkan verməməklə qatır… Hətta ona bu intriqalardan əl çəkib haqq yoluna qayıtması, ABU-dan qanunsuz aldığı ali təhsil diplomu ilə məşğul olması və s. məsləhət görülüb, atasına deyilib, qaynatası, Azərbaycanda tanınan şəxs olan Bəşruz Səfərəliyevə də çatdırılıb… Lakin heç kim bu adama başa sala bilmir ki, hərəkətin başçıya yaraşan iş deyil.

Bakı Apellyasiya Məhkəməsi bu intriqabaz başçıya həqiqəti anlatmalıdır ki…

Gəlirik mətləbə: Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası İsmayıllı RİH başçısı Nahid Bağırovun intriqasına könül verərək 23 aprel 2024-cü il tarixli, 2-2(103)-16/2024 saylı Qətnaməsi ilə sahibkar Teyyub Abdullayevin İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 16.05.2003-cü il tarixli, 35 nömrəli sərəncamı ilə müqavilə bağlayıb icarəyə götürdüyü 100 ha torpaq sahəsinə dair müqavilənin ləğv edilməsini qət edib. Belə ki, başçı «İsmayıllı Rayon İcra Hakimiyyətinin cavabdeh Abdullayev Teyyub Əli oğluna qarşı müqavilənin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə” iddia qaldırır.

Adam başçının bu hərəkətdən xəcalət çəkir. Əslində, xəcalət çəkəsi adam onun qanunsuz yolla əldə etdiyi ABU diplomunu və digər sənədləri ölkə başçısına təqdim edəndir, lazımi məqamda, necə deyərlər, bıçaq boğaza dirənəndə yüksək vəzifəli o şəxsin də adı çəkiləcək.

Nahid Bağırovun diqqətinə çatdıraq ki, Apellyasiya Məhkəməsinin inzibati kollegiyası özünün ədalətsiz, göz yumularaq qəbul etmiş olduğu qətnaməsində Azərbaycanın Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinad etməklə Abdullayev Teyyub Əli oğlunun torpaqdan məqsədli təyiantına uyğun istifadə etməməsini əsas tutub. Halbuki, bu zaman Apellyasiya Məhkəməsi tərəfindən qeyd edilən halın hansı səbəblərdən və hansı müddətdə baş verməsi hallarını araşdırılmamışdır.

***

Başçı Nahid Bağırovun bilməsi xüsusilə vacibdir ki: iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, həmin torpaq sahəsi Abdullayev Teyyub Əli oğlu tərəfindən 20 ildən artıqdır ki, dəmyə əkin məqsədləri (xüsusilə taxıl əkini) üçün istifadə edilib, ölkə üzrə taxıl tədarükünün həyata keçirilməsində vacib fermerlərdən hesab edilir. Azərbaycanda ilk dəfə açıq əkinçilikdə damcılama üsulu ilə suvarma sistemini tətbiq edən T.Abdullayev buğda, qarğıdalı, soğan və kartof əkini ilə məşğuldur, becərdiyi soğanın ümumi məhsuldarlığı orta Respublika səviyyəsindən iki dəfə çox olmaqla, hər il 7-8 min ton olur. Hətta uzun illərdən bəri soğan idxalçısı olan Respublikamız onun tətbiq etdiyi yüksək aqrotexniki becərmə sayəsində indi soğan ixracatçısına çevrilmişdir. Məhsul istehsalında beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda tətbiq etmək üçün o dəfələrlə Türkiyə, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdə səfərlərdə olmuş, müasir təcrübəni öyrənərək Respublikamızda tətbiq olunmasına nail olmuşdur. Və bütün bu işləri öz vəsaiti hesabına həyata keçirir, kredit almaq üçün meşin qapıları döymür, banklara ağız açmır… Texnikalarını da əsasən xarici ölkələrdən alıb gətirmişdir. Ali təhsilli iqtisadçı olan, diplomu Nahid Hacıyevinkindən üstün və qanuni olan T.Abdullayevin vətənpərvər fəaliyyəti sayəsində hər il 450-dən çox mövsümi iş yerinə nail olunur. O, 44 günlük Zəfər müharibəmizdən sonra təkcə İsmayıllı rayonundakı şəhid və qazi ailələrinə öz təşəbbüsü ilə 7000 manatdan çox nəğd pul vəsaiti yardım edib, Ağdamdakı «N» saylı hərbi hissəyə isə Ukraynadan gətirdiyi komplektləşdirilmiş “QAZ-66” hərbi təyinatlı yük avtomobili bağışlamışdır, həmçinin Ağdamda şəhid və qazi ailələrinə lazımi qədər maddi yardım etmişdir. Bu vəsaitlər isə bir fermerin alın təri ilə qazanılmış halal puludur!

Bəs Nahid Bağırov özünun halal yolla qazandığı pulundan dolayı, bu cür fəaliyyətini ortaya qoya bilərmi??? Deyə bilmərəm. Amma onu bilirəm ki, onun bir fermerlə məhkəmələrdə apardığı belə bir çürük mübarizəsi haram əməldir!

Bəs Bakı Apellyasiya Məhkəməsinin hakimi niyə yanlış yol tutub, əliqabarlı fermeri yox, kabinetindən çölə çıxmayan başçının haqsız iddiasını dəstəkləyib?

Yeri gəlmişkən, Nahid Bağırov bunu da bilsə yaxşıdır: 2023-cü ildə Azərbaycanda 123,0 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bunun vur-tut 5,5 faizi kənd təsərrüfatının payına düşür- 6,765 milyard manat və ya 4 milyard dollar! Nəzərə alaq ki, Hollandiya Qərbi Avropada yerləşir, Şimal dənizinin sahilində yerləşir. Yəni, kənd təsərrüfatı üçün əlverişli şəraitə məalik deyil. Sözümün canı var: Beynəlxalq Valyuta Fondu 2023-cü il üzrə dünya ölkələri üzrə ÜDM-nin reytinqini müəyyənləşdirib. Kənd təsərrüfatı məhsullarının istehsalına görə öyünən bu ölkə (məhsulları Azərbaycanda da fəxrlə yeyilir) bu reytinq cədvəlində ABŞ, Çin, Yaponiya, Almaniya və s ölkələrdən sonra 17-ci yerdədir. Azərbaycanın adı 50 sıralı cədvəldə yoxdur. Hollandiyanın ÜDM-u belə bir rəqəmlədir: 1.080.880.000.000! Çox istərdim ki, fermerlə intriqalaşan başçı Nahid Bağırov bu rəqəmi riyazi dillə ifadələsin. Və xatırladım ki, Hollandiyanın bu 13 rəqəmli ÜDM-sində kənd təsərrüfatının payı təxminən 900 milyard dollardır! Azərbaycanda isə təxminən 4 miyard dollar!

Niyə bu qədər əlverişli şəraitə malik ölkəmizdə kənd təsərrüfatımızın payı ÜDM bu qədər aşağıdır? Ona görə ki, bir çox rayon və ya bölgələrdə Nahid Bağırov kimi rəhbərlər var və hollandlar gücü fermerə dəstəyə, Nahid Bağırovlar isə fermerin ayağından çəkməyə, badalaq vurmağa sərf edir!!!

***

Nə isə… Qeyd edək ki, ötən müddət ərzində hər hansı dövlət orqanı tərəfindən T.Abdullayevin torpaqdan təyinatından kənar (torpaq dəmyədir, hər il taxıl əkilir) istifadəsinə dair (torpaqdan əkin məqsədləri üçün istifadə etməsinin) qanunsuzluğu barəsində heç bir irad və ya xəbərdarlıq bildirilməmiş, torpaq sahəsinin təyinatının örüş olması ilə bağlı ona hər hansı sənəd təqdim edilməmişdir. Əksinə, İsmayıllı rayon İcra Hakimiyyətinin müvafiq sərəncamında da qeyd edildiyi kimi, ona torpaq sahəsinin ayrılması barəsində müraciətində əsas istəyi əkin məqsədləri üçün torpaq sahəsinin verilməsi olmuşdur (Sərəncam təqdim olunur). Yəni, kar və kor olmaq lazımdır ki, bunlardan xəbərsiz olasan!

İddiaçı olan Nahid Bağırov tərəfindən müvafiq iddianın qaldırılmasından sonra yalnız mütəxəssis və ekspert rəylərinə istinad edilməklə cavabdehin müvafiq torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə edilməməsi qənaətinə gəlinməsi Tanrını danmaqdır. Axı 20 ildir vergilər əkin üçün alınıb, nə oldu, indi tərsinə olduğu bilindi?

Göründüyü kimi, hətta Teyyub Abdullayevin torpaq sahəsindən məqsədli təyinatına uyğun olaraq istifadə edilməməsi qənaətinə gəlinsə belə, həmin torpaq sahəsi üzərində onun icarə hüquqlarına xitam verə bilməzdi. Və hazırkı iş üzrə mübahisə görünüşcə mülki hüquqi müqavilə olsa da, onun əsasında inzibati akt (İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 16.05.2003-cü il tarixli, 35 nömrəli sərəncamı) dayanır. Həmin sərəncam və onun əsasında bağlanmış müqavilə üzrə münasibətlər mülki qanunvericiliklə yanaşı, inzibati icraat üzrə qanunvericiliyin də normaları əsasında tənzimləndiyindən, hazırkı işə baxılarkən inzibati icraat haqqında qanunvericiliyin normaları da tətbiq edilməlidir.

Nahid Bağırov bunu da bilməli idi ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Hazırkı işdə cavabdeh T.Abdullayev inzibati orqana etimad edərək, onun qanuni və yazılı sənədi əsasında 18 il ərzində indi mübahisəli sayılan(?) sahəni əkin üçün yararlı vəziyyətə gətirmiş, kifayət qədər ağır zəhmət və maddi vəsait xərcləmişdir. Belə olan halda, onun etimad hüququna hörmətlə yanaşılmalıdır. Məhz sərəncamda və müqavilədə torpaq sahəsinin təyinatının əkin olduğu göstərildiyi üçün, cavabdeh “dövlət orqanı daha qanuni olanı bilir” inamı ilə bu işə girib və sahəni əkin məqsədləri üçün istifadə edib. Axı bir də burda bəlkə cinayət baş verib?! Fermer ya mal-qoyun saxladı, ya dəmyə taxıl əkdi, burda nə mürəkkəb halət var?! Təəssüflər olsun ki, məlum səbəblərdən(!) Abdullayev Teyyub Əli oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş bütün sübutlara hakim tərəfindən düzgün hüquqi yanaşma tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 35 nömrəli, 16 may 2003-cü il tarixli Sərəncamının 1-ci bəndində “Rayonun “Vəng yanı” adlı Dövlət Ehtiyat Fondunda olan kənd təsərrüfatına yararlı əkin sahəsindən 100 hektar 25 (iyirmi beş) il müddətinə (2003-2028-ci illər) Abdullayev Teyyub Əli oğluna icarəyə verilməsi barəsində Abdullayev Teyyub Əli oğlunun ərizəsinin nəzərə alınması» qeyd edilsə də, məhkəmə qeyd edilən sübutları düzgün qiymətləndirməmişdir, sadəcə, sanki Nahid Bağırovun başçı statusunu başı üzərində görüb gözünü yummuşdur! Hansı ki, qeyd edilən maddənin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin presedent hüququna görə, eyni məsələ ilə bağlı dövlətdaxili iki fərqli qərarın olması hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Bu prinsip həm qüvvədə olan məhkəmə qərarının qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan mübahisələndirilməməsi ilə, həm də hansısa son hüquqi aktın verilməsi üçün əsas olmuş ilkin hüquqmüəyyənedici aktın qüvvədə olduğu halda daha sonrakı aktın mübahisələndirilməsinin yolverilməməsi ilə təmin olunur. Hazırkı işdə iddiaçı təşkilatın qüvvədə olan sərəncamı vardır. Mübahisələndirilən müqavilə məhz həmin sərəncam əsasında bağlanıb. O sərəncam qüvvədə ola-ola müqavilənin ləğv olunması hüquqi müəyyənlik prinsipinin pozulmasıdır.

Onu da deyim ki, Bakı Apellyasiya Məhkəməsinin həmin ədalətsiz qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Nahid Bağırovun bunu da bilməsi xüsusilə vacibdir ki: iddiaçı olan İsmayıllı Rayon İcra Hakimiyyəti cavabdeh Abdullayev Teyyub Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abdullayev Teyyub Əli oğlu ilə İsmayıllı rayon İcra Hakimiyyəti arasında bağlanmış 16 may 2003- cü il tarixli 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.12.2022-ci il tarixli e-2-2(113)-6247/2022 saylı qətnaməsi ilə Nahid Bağırovun iddiası rədd edilmişdir! Bu artıq 4-cü məhkəmə aktıdır ki, gənc və Prezidentdən töhmət almış başçı uduzur. Amma yenə də dərs olmur, intriqalarını davam etdirir. Onu başçı edən yüksək çinlilər isə susur. Amma indiki halda, susmaq qətiyyən qızıl deyil!!!

***

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 35 nömrəli 16 may 2003-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 17 may 2003-cü il tarixli 01 saylı rəyi ilə təqdim edilmiş torpaqayırma sənədləri və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri əsas götürülərək rayonun “Vəng yanı" adlanan Dövlət Ehtiyyat Fondunda olan kənd təsərrüfatına yararlı “əkin” torpaq sahəsindən 100 (bir yüz) hektar 25 (iyirmi beş) il müddətinə (2003-2028-ci illər) müddətinə Abdullayev Teyyub Əli oğluna icarayə verilməsi qərara alınmışdır. Həmin Sərəncamın 1-ci bəndində isə “Rayonun “Vəng yanı” adlı Dövlət Ehtiyat Fondunda olan kənd təsərrüfatına yararlı əkin sahəsindən 100 hektar 25 (iyirmi beş) il müddətinə (2003-2028-ci illər) Abdullayev Teyyub Əli oğluna icarəyə verilməsi barəsində Abdullayev Teyyub Əli oğlunun ərizəsinin nəzərə alınması qeyd edilmişdir. Bundan sonra Abdullayev Teyyub Əli oğlu ilə İsmayıllı Rayon İcra Hakimiyyəti arasında 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsi bağlanılmış və həmin müqavilənin 1.3-cü bəndinə uyğun olaraq “Vəng yanı” adlanan Dövlət Ehtiyyat Fondunda olan kənd təsərrüfatına yararlı “əkin” torpaq sahəsindən 100 (bir yüz) hektar 25 (iyirmi beş) il müddətinə (2003-2028-ci illər) müddətinə “Kənd təsərrüfatı məhsulları istehsal etmək” məqsədi ilə Abdullayev Teyyub Əli oğluna icarəyə verilmişdir. Göründüyü kimi cavabdeh uzun illər ona ayrılmış torpaq sahəsindən bu günədək “əkin” məqsədləri üçün istifadə etmiş, müvafiq vergiləri və rüsumları da “əkin” məqsədləri üçün ayrılmış torpaq sahələri üçün nəzərdə tutulmuş dərəcələrlə ödəmiş, indiyə qədər heç bir maneə ilə qarşılaşmamışdır.

Bundan əlavə, iş materiallarına əlavə edilmiş sübutlardan da göründüyü kimi Abdullayev Teyyub tərəfindən sözügedən torpaq sahəsindən 20 il ərzində əkin məqsədləri üçün istifadə edildiyi vaxtda hər hansı dövlət qurumu tərəfindən, o cümlədən İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsinə dair heç bir irad bildirilməmişdir. Son bir neçə ildir isə İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsi səbəbinə görə Abdullayev Teyyuba müvafiq icarə müqaviləsi üzrə hüquqlarından istifadəsinə maneələr yaradılmaqdadır. Eyni zamanda, Abdullayev Teyyub Əli oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən 05.10.2021-ci il tarixli 138 saylı Sərəncam qəbul edilsə də, sonradan həmin sərəncam məhkəmə qərarı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının, yəni Nahid Bağırovun 15 iyul 2022-ci il tarixli 74 saylı Sərəncamı ilə özünə ləğv etdirilmişdir.

***

Sonda: bir daha Nahid Bağırovu başçı etdirən, hələki adını çəkmək istəmədiyimiz yüksək vəzifəli şəxsə, həmçinin N.Bağırovun qayınatası (deyilənə görə, yalnız onu eşidir), istefada olan polis polkovniki, çox hörmətli Bəhruz Səfərəliyevə müraciət edirəm: gənc və təcrübəsiz Nahid Bağırova başa salın, əliqabarlı, Azərbaycan üçün min tonlarla taxıl, kartof, soğan, qarğıdalı… istehsal edən fermer Teyyub Abdullayevlə yersiz intriqalarına son qoysun! Axı Prezident 2019-cu ildə ona «Tərəqqi» medalını sahibkarlığa verdiyi dəstəyinə görə vermişdi… Heç olmasa, bu Sərəncama hörmət və itaət edilməlidir! Çünki onu ona etimad etmiş Prezident imzalayıb…(Təzadlar)

Digər xəbərlər