Metroda qatarların intervalı ARTIRILACAQ

23-06-2023, 14:59 - Gündəm / Cəmiyyət

Metroda qatarların intervalı ARTIRILACAQ

İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metropolitenində qatarların hərəkəti qeyd edilən tarixlərdə adi iş günü qrafiki ilə tənzimlənəcək.

Bakı metropolitenindən verilən məlumata görə, bununla əlaqədar “28 May-Həzi Aslanov” istiqamətində saat 07:00-dan 21:00-a qədər qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər kəsişərək birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.

“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilənləri nəzərə alaraq, iyun ayının 24 və 25-də iş günləri qrafiki qüvvədə olacaq.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyun ayının 26-dan iyulun 3-nə qədər ölkəmizdə qeyri-iş günləri elan edilib. Bu səbəbdən qeyd edilən müddətdə Bakı metropolitenində qatarların hərəkəti qeyri-iş günləri qrafiki ilə tənzimlənəcək. Qatarlar “28 May-Həzi Aslanov” sahəsində saat 07:00-dan 21:00-a qədər 3 dəqiqəlik intervalla hərəkət edəcək. “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.

Qeyd edilənləri nəzərə alaraq, sərnişinlərin “Bakmil” istiqamətində və əksinə qatarların hərəkətini qeyri-iş günləri qrafikinə uyğun nəzərə almaları xahiş olunur. Hərəkət cədvəlləri ilə Bakı metropoliteninin rəsmi saytında müvafiq bölmədə (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) tanış olmaq mümkündür.

Sərnişin axınının tənzimlənməsi məqsədilə ehtiyat qatarlar həm iş günləri, daha sonra qeyri-iş günlərinin xüsusiyyətlərinə uyğun nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq.

İş və istirahət günlərində Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” sahəsində hərəkət edən qatarların intervalları dəyişməz olaraq qalacaq.

Digər xəbərlər